Özbəkistanla yüksəksəviyyəli intensiv təmaslar effektiv nəticələr doğurur Ekspert rəyi
Bakı, 23 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin Özbəkistana avqustun 23-də başlayan dövlət səfəri son iki il ərzində Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı şəkildə reallaşdırdıqları sayca 3-cü dövlət səfəridir. 2024-cü ildə İlham Əliyev Daşkənddə, 2025-ci ildə Şavkat Mirziyoyev Bakıda dövlət səfərində olub. Belə yüksəksəviyyəli intensiv təmaslar iki ölkənin bir-birinə verdiyi xüsusi önəmin göstəricisidir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli söyləyib.
Onun fikrincə, planlaşdırılan görüşlərin və tədbirlərin siyahısı göstərir ki, səfər iki ölkə arasındakı siyasi yaxınlığın praktik nəticələrə çevrilməsini hədəfləyir. Səfər proqramında Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi, ticarət və investisiya əməkdaşlığının artırılması, nəqliyyat-tranzit imkanlarından birgə istifadə, regionlararası əlaqələrin inkişafına dair əsas müzakirə mövzuları var.
İki ölkə arasında əməkdaşlığın ən yüksək siyasi koordinasiya mexanizmi olan Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının növbəti iclasının keçirilməsi səfərin ən mühüm məqamlarından biridir. Bununla yanaşı, səfər çərçivəsində biznes və regionlararası əməkdaşlığa dair tədbirlərin keçirilməsi, yeni birgə layihələrin təqdim olunması və ikitərəfli sənədlərin imzalanması da xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə yanaşsaq, Daşkənd görüşləri iki ölkə arasında mövcud siyasi dialoqun konkret iqtisadi, institusional və regional əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
"Azərbaycan və Özbəkistan arasında münasibətlərin son illərdə bu formada sıxlaşması deməyə əsas yaradır ki, tərəflər təkcə ənənəvi dostluq və tarixi-mədəni bağlılıq amillərinə əsaslanan əməkdaşlıqla kifayətlənmək niyyətində deyillər. Qarşılıqlı siyasi səfərlərin intensivliyi, yüksək səviyyəli dialoqun davamlılığı və əməkdaşlıq üçün yaradılan yeni institusional mexanizmlər münasibətlərin daha sistemli və nəticəyönümlü mərhələyə qədəm qoyduğunu göstərir",- deyə M.Ələsgərli vurğulayıb.
O qeyd edib ki, keçirilən görüşlər və qəbul olunan qərarlar yalnız Azərbaycan–Özbəkistan əməkdaşlığının gələcək istiqamətlərini deyil, eyni zamanda, Cənubi Qafqazla Mərkəzi Asiya arasında formalaşan yeni siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığı məkanının perspektivlərini də müəyyənləşdirir. Bu baxımdan, iki ölkə arasındakı əlaqələrin inkişafı daha geniş regional inteqrasiya prosesinin mühüm tərkib hissəsinə çevrilir. Azərbaycan və Özbəkistanın siyasi iradəsi isə bu prosesin qarşıdakı dövrdə konkret layihələr və yeni əməkdaşlıq mexanizmləri ilə daha da sürətlənəcəyini göstərir.