ÖZƏLLƏŞDİRMƏDƏ ŞƏFFAFLIQ VƏ SƏMƏRƏLİLİK ƏSAS TƏLƏBDİR
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, qurum vətəndaşların, eləcə də hüquqi və fiziki şəxslərin özəlləşdirmə prosesində daha fəal, bərabərhüquqlu iştirakını təmin etmək məqsədi ilə müntəzəm hərraclar keçirir.
Bu hərraclarda aşkarlıq və şəffaflıq prinsiplərinin qorunmasına xüsusi diqqət yetirilir. Özəlləşdirmə prosesi çərçivəsində yaranmış səhmdar cəmiyyətlərinin səhmlərinin satışı ilə əlaqədar 2008-ci ilin yanvar-mart aylarında 15-dək yaxın çek və pul hərracı keçirilmiş, bu zaman tikinti, xidmət, emal, nəqliyyat və s. sahələrə aid 45-ə yaxın səhmdar cəmiyyətinin səhmi satılmışdır.
Eyni zamanda kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsinin sürətləndirilməsi ilə bağlı da müvafiq işlər görülmüşdür. Bunun nəticəsi olaraq Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə 70-ə yaxın hərrac keçirilmişdir.
Komitə tərəfindən özəlləşdirilən dövlət müəssisələri əmək kollektivlərinin hüquq və mənafelərinin qorunması, onların özəlləşdirmə prosesində daha fəal iştirakının təmin olunması diqqət mərkəzində saxlanılır. İlin əvvəlindən indiyədək səhmdar cəmiyyətlərinin və kiçik müəssisələrin özəlləşdirilməsi zamanı əmək kollektivi üzvləri arasında keçirilmiş 80-ə yaxın güzəştli satışda 200 nəfər əmək kollektivi üzvü iştirak edərək səhm və ya əmlak sahibi olmuşdur.
Bölgələrdə yaşayan vətəndaşların hərraclarda iştirakını asanlaşdırmaq məqsədi ilə İxtisaslaşdırılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzinin zona bölmələri fəaliyyət göstərir. Hərracda iştirak etmək istəyənlər Auksion Mərkəzinin Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Əli Bayramlı, eləcə də Şəki zona bölmələrinə müraciət edə bilərlər.
Özəlləşdirmədə iştirak etmək istəyənlərin hərraca çıxarılan müəssisələr haqqında zəruri informasiyalar əldə etmələri və hərracda iştirakları üçün lazımi şəraitin yaradılması ilə bağlı tədbirlər də görülür.