CƏMİYYƏT
Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Analitik Ekspertiza Mərkəzində olub
Bakı, 29 iyul, AZƏRTAC
Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində (AEM) olub.
Görüşdə iki ölkə arasında əczaçılıq sahəsində əməkdaşlığın gücləndirilməsinin, inkişaf dinamikasının daha da artırılmasının prioritet istiqamətlərdən olduğu qeyd edilib.
AZƏRTAC AEM-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, mərkəzin baş direktoru Murad Süleymanov görüşdə respublikamızda əczaçılıq sahəsi üzrə əhəmiyyətli məsələləri müzakirə edib, eyni zamanda səfirin mərkəzin fəaliyyət və səlahiyyətlərinə aid olan suallarını cavablandırıb.
Bu tendensiyanı saxlamaq məqsədilə tərəflər hər iki ölkənin əczaçılıq sahəsində tənzimləyici qurumlar arasında əməkdaşlıq və anlaşma memorandumunun imzalanması təklifini irəli sürüb, memorandumun layihəsi səfirə təqdim olunub. AEM-in rəhbərliyi səfirə qardaş Pakistan dövləti ilə əməkdaşlığa daim hazır olduqlarını bildirib.