Pakistanın Baş naziri Hindistanla hərbi münaqişə riskinin artdığını bildirib
Bakı, 31 avqust, AZƏRTAC
İslamabad və Nyu-Dehli arasında hərbi münaqişə təhdidi daha ciddi xarakter aldığı üçün dünya ictimaiyyəti Kəşmirdə yaranan vəziyyətlə bağlı tədbirlər görməlidir.
AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan deyib.
“Əgər beynəlxalq ictimaiyyət Hindistanın Kəşmirə və oradakı insanlara qarşı təzyiqini dayandırmaq üçün tədbir görməsə, bunun nəticələri bütün dünyaya təsir edəcək. Çünki nüvə silahına malik hər iki dövlət birbaşa hərbi münaqişəyə getdikcə daha çox yaxınlaşır”, - deyə İmran Xan bildirib.
Pakistanın Baş nazirinin sözlərinə görə, ölkəsi və Hindistan antaqonist yanaşmalardan yayınmalı və Kəşmir problemi ətrafında dialoqa başlamalıdır. İmran Xan, həmçinin İslamabadın Kəşmir məsələsinə dair bir sıra təkliflər verməyə hazır olduğunu da deyib.
Xatırladaq ki, Hindistan mübahisəli ərazi olan Cammu və Kəşmir ştatının xüsusi statusunu ləğv edərək onu Dehlinin birbaşa nəzarəti altına alıb. Bu, Nyu-Dehli və İslamabad arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olub. Pakistan hökuməti Hindistanla diplomatik münasibətləri aşağı səviyyəyə endirib, onunla ikitərəfli ticarəti dayandırıb və bu ölkə ilə digər sazişlərə yenidən baxılacağını elan edib.