“Pakş” AES-in genişləndirilməsi təyin olunan müddətə başa çatacaqmı?
Budapeşt, 28 avqust, AZƏRTAC
Macarıstanın “Népszabadsag” qəzeti özünün hökumətdəki mənbələrinə istinadla bildirir ki, ölkə hakimiyyəti “Paks II. Zrt.” atom elektrik stansiyasının rəhbərliyindən “Pakş” AES-in genişləndirilməsi layihəsinə icazə alınması üçün yekun müraciəti 2020-ci ilin iyulunadək verməyi tələb edib.
AZƏRTAC Macarıstan KİV-lərinə istinadla xəbər verir ki, bu müddət əvvəlcə 2019-cu ilin sonuna təyin edilmişdi. Lakin sonralar müvafiq məsələnin reallığına şübhələr yarandı. AES-in genişləndirilməsinə məsul olan nazir Yanoş Şuli cari ilin əvvəllərində bildirmişdi ki, zəruri icazənin verilməsi üçün praktik olaraq müəyyən tarix mövcud deyil, “əsas - təhlükəsizlikdir”. Bununla yanaşı, ilkin işlərə (özülün hazırlanması və s.) hökumətin razılığı olmadan da start verilə bilər.
Nəşrə məlumat verən mənbə qeyd edir ki, “Rosatom” təxminən 150 min səhifə həcmində icazə sənədlərinin hazırlanması üzərində “alın təri tökərək çalışır”. Layihə planının təhvil verilməsindən sonra icazələrin alınması prosesi 12 ay çəkəcək. Bu müddət daha 3 ay uzadıla bilər. Bu səbəbdən də layihə üzrə real işlər ehtimal ki, yalnız 2022-ci ildə - yeni parlament seçkilərinə çox yaxın müddətdə başlayacaq.
Bununla yanaşı, “Fidesz”də hesab edirlər ki, 2022-ci il seçkilərindən sonra partiya artıq parlamentdə indiki kimi çoxluğa malik olmayacaq (ümumilikdə isə, 2022-ci il seçkilərində partiyanın qələbəsi şübhə altına alınmır).
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt