PARİSDƏ “ŞİRVAN ÜÇLÜYÜ”NÜN VƏ “QAZAX” ANSAMBLININ BİRGƏ KONSERTİ
Noyabrın 4-də “Şirvan üçlüyü” və “Qazax” ansamblı Parisin 20-ci rayonundakı “Marokineri” konsert salonunda birgə geniş proqramla çıxış etmişlər.
Konsert başlanmazdan bir qədər əvvəl F.Qazaxbəyli atasının vətəni Azərbaycan barədə dinləyicilərə məlumat verərək, oxuduğu bütün mahnılarında ikinci vətəni hesab etdiyi və bütün varlığı ilə bağlandığı ölkəmizi daim tərənnüm etdiyini xüsusi vurğulamış, dünyanın bu dilbər guşəsində yaşayan insanların xoş təbiətindən, qonaqpərvərliyindən söz açmışdır.
“Şirvan üçlüyü”nün üzvü Samir Şirinovun ifa etdiyi “Şur” təsnifi, “Segah”, “Çahargah” və digər muğamlar parisli dinləyicilər tərəfindən hərarətlə qarşılanmışdır. Onu tarda Namiq Rzazadə və kamançada Elton Hacıyev müşayiət etmişlər.
Fred Qazaxbəyli və “Qazax” ansamblının digər üzvü Melukə Obrinin ifasında səslənən Azərbaycan mahnıları dinləyicilər tərəfindən dəfələrlə alqışlarla qarşılanmışdır.
Konsertin sonunda F.Qazaxbəyli “Şirvan üçlüyü” ansamblının qastrol səfərinin təşkilinə xüsusi təşəbbüs göstərmiş Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynovaya və həmyerlilərimizin səfərinin maliyyələşdirilməsinə yaxından kömək etmiş “Total” şirkətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.