SİYASƏT
PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ ÇİN XALQ RESPUBLİKASINA SƏFƏR EDƏCƏK
Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılığı ilə parlament nümayəndə heyəti aprelin 13-dən 21-dək Çin Xalq Respublikasında rəsmi səfərdə olacaqdır.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Əli Əhmədov, Gülçöhrə Məmmədova, Hacıməmməd Ramazanov, İskəndər Quliyev, Vüqar Rəhimzadə, Vladimir Timoşenko, Miri Qəmbərov, Əhməd Abiyev və Milli Məclisin İşlər müdiri Əhməd Cəfərov daxildirlər.
Deputatlarımız Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin təşəbbüsü ilə sülh naminə Asiya Parlamentləri Assosiasiyasının Pekin və Çuntsin şəhərlərində keçiriləcək III Baş Assambleyasında iştirak edəcəklər. “Sülh və inkişaf” mövzusunda keçiriləcək iclasda Asiya regionunda siyasi, iqtisadi, sosial vəziyyət, beynəlxalq əməkdaşlıq, sülh proseslərinin gedişi və qloballaşma ilə bağlı məsələlər müzakirə olunacaqdır. Assambleyada Milli Məclisin sədri Murtuz Ələsgərov müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəkdir.
Bundan başqa, parlament nümayəndə heyətimiz ölkəmizlə Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin yaradılmasının 10-cu ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcəkdir.
Səfər müddətində parlamentin spikeri Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri cənab Li Penlə, Çinin Ali qanunvericilik orqanının Datzu, Çendu və Sıçuan şəhərlərindəki Daimi Komitələrinin rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparacaqdır.
Milli Məclisin mətbuat xidməti