SİYASƏT
PARLAMENT XƏBƏRLƏRİ
Milli Məclisin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün aprelin 20-dən 27-dək Strasburqda səfərdə olacaqdır.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, deputatlardan Əli Hüseynov, Əli Abbasov, Gültəkin Hacıyeva, Nairə Şahtaxtinskaya, Rəfael Hüseynov, Qulamhüseyn Əlibəyli və Aparatın Beynəlxalq münasibətlər şöbəsinin müdiri Azər Qasımov daxildirlər.
Sessiyanın gündəliyinə Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti, Avropa təsisatları arasında əməkdaşlığın perspektivləri, qurumun 2003-cü maliyyə ili ücün büdcəsi, Moldovada demokratik təsisatların inkişafı və sair məsələlər daxil edilmişdir.
Deputatlarımız müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcək, qeyd və təkliflərini verəcəklər.
X x x
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova və deputat Yaşar Əliyev I Qara dəniz Neft və Qaz Sammitində iştirak etmək üçün aprelin 21-dən 26-dək Buxarestdə səfərdə olacaqlar.
Sammitdə Qara Dəniz regionunun inkişaf perspektivləri,enerji sahəsində əməkdaşlıq, ətraf mühitin mühafizəsi, karbohidrogen ehtiyatlarının istismarı, nəqli və sair məsələlər müzakirə olunacaqdır.
X x x
Milli Məclisin deputatları Zahid Orucov və Rəfael Qafarov NATO Parlament Assambleyası çərçivəsində keçiriləcək seminarda iştirak etmək üçün aprelin 24-dən 28-dək Slovakiyanın Bratislava şəhərində səfərdə olacaqlar.
Seminarda NATO və təhlükəsizlik, müdafiə siyasəti, kimyəvi və bioloji silahlara nəzarət, beynəlxalq terrorizmə qarşı mübarizə və sair məsələlər müzakirə ediləcəkdir.
Milli Məclisin
Mətbuat xidməti