Payızlıq taxıl əkini sahələrinin sığorta məbləğləri açıqlanıb
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycanda payızlıq taxıl əkini mövsümü yaxınlaşır. Fermerlər əkin sahələrini və yığılacaq məhsulu müxtəlif risklərdən, o cümlədən yanğın, dolu, zərərvericilər, xəstəliklər və digər zərərdən qorumaq barədə indidən düşünməlidirlər.
Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən yeni aqrar sığorta mexanizmi vasitəsilə taxıl sahələrini sadalanan risklərdən qorumaq mümkündür. Aqrar sığorta qaydalarına əsasən, fermerlər və sahibkarlar tərəfindən ödənilən sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.
Bir hektar taxıl sahəsini yanğından, doludan və digər hadisələrdən qorumaq neçəyə başa gəlir?
Təqribən 1200 manatlıq taxıl yığılan sahə üçün regionlar üzrə sığorta haqları (fermerin ödəyəcəyi məbləğ) belədir: Qarabağ - 10 manat, Şərqi Zəngəzur - 10 manat, Şəki-Zaqatala - 16-17 manat, Lənkəran-Astara - 7 manat, Qazax-Tovuz - 24-25 manat, Mərkəzi Aran - 8 manat, Quba-Xaçmaz - 7 manat, Mil-Muğan - 8 manat, Abşeron-Xızı - 7 manat, Gəncə-Daşkəsən - 24-25 manat, Şirvan-Salyan - 8 manat, Dağlıq Şirvan - 11-12 manat, Bakı - 7 manat.
Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş “Bitkiçilik kalkulyatoru” (https://asf.gov.az/bitkicilik-sigortasi-kalkulyatoru) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.
Bütün hallarda fermer sığorta haqqının yalnız 50 faizini, məbləğin qalan 50 faizini isə fermerlərə dəstək üçün dövlət ödəyəcək.