Paytaxt məktəblərində “BilBacar” müsabiqəsinin “Yarış” mərhələsi keçirilir
Bakı, 5 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “BilBacar” müsabiqəsinin dekabr ayı üzrə “Yarış” mərhələsi keçirilir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, “Yarış” mərhələsində III və IV sinif şagirdləri oxu üzrə bilik və bacarıqlarını nümayiş etdirirlər.
“Yarış” mərhələsinin hər bir seansı məktəbdə “BilBacar” koordinatorunun müşayiəti ilə keçirilir. “Yarış” mərhələsi dekabrın 11-dək davam edəcək.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsinin “Yarış” mərhələsi cari tədris ili üzrə ümumilikdə 4 dəfə təşkil olunacaq. Proses tamamlandıqdan sonra nəticələr respublika, regional təhsil idarəsi və məktəb üzrə elan ediləcək.
Müsabiqədə ən çox bal toplamış şagirdlər 2026-cı ilin iyun ayında final yarışında iştirak edəcəklər.
Onu da qeyd edək ki, müsabiqənin məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda, şagirdlərə kompüterəsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdan ibarətdir.