Paytaxt məktəblilərinin yaradıcılıq sərgisi
Bakı, 7 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə 229 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan paytaxt məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin yaradıcılıq sərgisi keçirilib.
Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, BŞTİ müdirinin müavini Rəşad Tağıyev bu cür tədbirlərin istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rolu olduğunu söyləyib. Ümummilli Liderə həsr olunan sərgini yüksək dəyərləndirən R.Tağıyev məktəbliləri Azərbaycan xalqının xilaskarı olan Heydər Əliyevin irsini daha dərindən öyrənməyə və ondan bəhrələnməyə çağırıb.
Qeyd edilib ki, xalqın inamını özünə qaytaran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev tərəfindən uşaqların, gənclərin yüksək təhsil almaları, geniş dünyagörüşünə malik olmaları və ölkəmizi layiqincə təmsil etmələri üçün lazımi şərait yaradılıb.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova məktəbliləri yüksək yaradıcılıq qabiliyyətlərinə görə təbrik edib, milli və ümumbəşəri dəyərləri dərindən bilən türk dünyasının böyük oğlu Heydər Əliyevin milli mədəniyyətimizin inkişafı üçün hər zaman əzmkarlıq, fədakarlıq, təşəbbüs və yüksək təşkilatçılıq nümunəsi göstərdiyini söyləyib.
Sonra qonaqlar müxtəlif bölmələr üzrə sərgilənən əl işləri ilə tanış olublar.
Bakının ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin istedadlı şagirdləri 600 təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, elmi texniki, dizayn işləri, ulu öndər Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən yaradıcılıq nümunələrini nümayiş etdiriblər. Tədbirin keçirilməsinin əsas məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda Vətənə məhəbbət, dostluq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, bədii-estetik zövqü, həmçinin yaradıcı düşüncəni inkişaf etdirməkdir.