İQTİSADİYYAT
Paytaxtın kabel-kanal sistemində qeydə alınan çatışmazlıqlar aradan qaldırılır
Bakı, 8 iyun, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən kabel-kanal sistemində qeydə alınan çatışmazlıqların aradan qaldırılması prosesi davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hazırda paytaxtın normadan çox yüklənən kabel-kanal sistemində səliqə-sahman yaradılır. Artıq xeyli sayda quyu texniki normalara uyğunlaşdırılıb.
Həyata keçirilən işlərin nəticəsi olaraq bütün normativ tələblərə cavab verən, keyfiyyətli və davamlı rabitəni təmin edən, istər dövlət qurumlarının, istərsə də özəl şirkət və təşkilatların tələbatına cavab verən kabel-kanal sistemi yaradılacaq.
Nazirlikdən bildirilib ki, kabel-kanal sisteminin uzun illər normativə uyğun düzgün istismar edilməməsi, kabellərin səliqəsiz və sıx yerləşdirilməsi, montajın normativlərə cavab verməməsi bu resursun texniki istismarını mümkünsüz etmişdi. Kabel-kanalların bu cür istismarı zədəli kabellərin demontajı zamanı digərlərinin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini qeyri-mümkün edir.
Qeyd edək ki, BTRİB-in balansında və istismarında 16 min 900 müxtəlif ölçülü quyu, 1820 kilometr telefon kanalizasiyası və 4006 kilometr kabel kanalı var.