Paytaxtın Ziya Bünyadov prospekti yenidən qurulur
Bakı, 13 noyabr (AZƏRTAC). Paytaxtın Ziya Bünyadov prospektinin Böyük Şor qovşağı ilə Əliyar Əliyev küçəsi arasında yolun əsaslı təmir işlərinə başlanılmışdır.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, artıq 900 metr məsafədə istinad divarının tikintisi, 2 kilometr məsafədə kanalizasiya xəttinin çəkilişi və kommunikasiya xətlərinin köçürülməsi üzrə işlər yekunlaşmışdır.
Paralel olaraq əsas yolda köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması işləri gedir. Bundan əlavə piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri olan 4 ərazidə yerüstü piyada keçidlərin tikintisi nəzərdə tutulmuşdur.