Pedaqoji Universitetdə SİP-ə uyğun hazırlanmış yeni iş planı modeli təqdim edilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetdə (ADPU) 2025-2030-cu illər üzrə Strateji İnkişaf Planının (SİP) məqsəd və hədəflərinin struktur bölmələrin fəaliyyətinə inteqrasiyası, eləcə də 2026-2027-ci tədris ili üzrə hazırlanmış yeni iş planı modelinin tətbiqinə dair metodik görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi 2025-2030-cu illər üzrə Strateji İnkişaf Planında müəyyən edilmiş məqsəd və hədəflərin effektiv icrasına dəstək göstərmək, struktur bölmələrə 2026-2027-ci tədris ili üzrə iş planlarının SİP-ə uyğun və yeni metodiki yanaşma əsasında hazırlanması, ölçülə bilən nəticə göstəricilərinin müəyyənləşdirilməsi, eləcə də icranı təsdiq edən sübut bazasının formalaşdırılması üzrə metodiki izahlar vermək olub.
ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva çıxışında strateji planlaşdırmanın universitet idarəetməsində rolu, əvvəlki və yeni strateji inkişaf planlarının müqayisəsi, həmçinin 2025-2030-cu illər üzrə Strateji İnkişaf Planının məqsəd və hədəflərinə uyğun olaraq iş planlarının təkmilləşdirilməsinin vacibliyi və yeni iş planı modelinin tətbiqi barədə məlumat verib.
Qeyd olunub ki, yeni iş planı modelində hər bir fəaliyyətin SİP-in müvafiq məqsəd və hədəfləri ilə əlaqəsinin daha aydın göstərilməsi, fəaliyyətin məzmununun, məsul və digər icraçıların, ölçü göstəricilərinin, baza və hədəf dəyərinin, icra müddətinin və informasiya mənbələrinin konkret şəkildə müəyyənləşdirilməsi nəzərdə tutulur. Yeni iş planı modeli fəaliyyətlərin daha sistemli, ölçülə bilən və nəticəyönümlü şəkildə hazırlanmasına, eyni zamanda onların icrasının monitorinqi və qiymətləndirilməsinin daha səmərəli həyata keçirilməsinə imkan yaradır.
Strateji İnkişaf Mərkəzinin əməkdaşı Nərmin Faiqzadə çıxışında yeni iş planlarının hazırlanması üzrə metodiki tələbləri nümunələr əsasında izah edib. İştirakçılara təqdim olunan praktik tapşırıq çərçivəsində 2025-2030-cu illər üzrə Strateji İnkişaf Planında yer alan müxtəlif strateji məqsəd, hədəf və fəaliyyətlər arasından təmsil etdikləri struktur bölməyə aid istiqaməti müəyyənləşdirmək təklif olunub.
Beləliklə, 2025-2030-cu illər üzrə Strateji İnkişaf Planı universitetin uzunmüddətli inkişaf prioritetlərini müəyyənləşdirir, yeni iş planı modeli bu prioritetlərin struktur bölmələrin konkret və ölçülə bilən fəaliyyətlərinə çevrilməsini təmin edir, monitorinq mexanizmi isə icra prosesinin ardıcıl izlənilməsinə və nəticələrin obyektiv qiymətləndirilməsinə imkan yaradır. Bu qarşılıqlı əlaqə strateji planlaşdırma, icra və monitorinq arasında vahid idarəetmə çərçivəsinin formalaşdırılmasına, struktur bölmələrin fəaliyyətinin universitetin ümumi inkişaf hədəfləri ilə daha sıx əlaqələndirilməsinə və ADPU-nun 2030-cu il üzrə strateji məqsədlərinə sistemli şəkildə nail olunmasına xidmət edir.