ELM VƏ TƏHSİL
PEDAQOQUN XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLMİŞDİR
Marneuli rayonundakı Alqet 1 nömrəli orta məktəbin 100 yaşı tamam olmuşdur. Borçalının qabaqcıl təhsil ocaqlarından biri olan bu məktəbə təxminən 30 il Gürcüstanın əməkdar müəllimi Teymurxan Çovdarov rəhbərlik etmişdir. Ümumiyyətlə, o, 70 illik ömrünün 40 ildən çoxunu məhz bu məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Teymurxan Çovdarov 8 il öncə, 1995-ci ildə dünyasını dəyişmişdir. Qədirbilən pedaqoji kollektiv və kənd camaatı onun xatirəsini əbədiləşdirmişlər. Həmin məktəbə Teymurxan Çovdarovun adı verilmiş, burada onun büstü qoyulmuşdur.
Bununla əlaqədar keçirilən təntənəli mərasimin iştirakçıları ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş bu təhsil fədaisinin xatirəsinin əbəbiləşdirilməsinə görə Alqet kənd Məclisinin, rayon icra hakimiyyətinin, Kvemo Kartli - Borçalı bölgəsinin rəhbərliyinə minnətdarlığını bildirmişlər.
T.Çovdarovun oğlu, polis vitse-polkovniki Akif Çovdarov atasının xidmətini belə yüksək qiymətləndirdiklərinə görə rayon və bölgə rəhbərliyinə, eloğlularına təşəkkür etmişdir.