PENİTENSİAR SAHƏDƏ İSLAHATLAR DİQQƏT MƏRKƏZİNDƏDİR
Bu il noyabrın 20-də İşgəncələrə Qarşı Avropa Komitəsinin xanım Renat Kikerin başçılığı ilə Azərbaycana növbəti səfərə gəlmiş geniş tərkibli nümayəndə heyəti tövsiyələrin icrası vəziyyəti ilə tanış olmuş, bir sıra cəzaçəkmə müəssisələrinə və digər yerlərə baş çəkmiş, məhkumlarla, təqsirləndirilən şəxslərlə çoxsaylı təkbətək görüşlər keçirmiş, onların hüquqlarının qorunması ilə maraqlanmış, həmçinin Ədliyyə Nazirliyi və digər dövlət strukturlarının, qeyri-hökumət qurumlarının rəhbərləri ilə görüşmüşdür.
Noyabrın 30-da nümayəndə heyətini qəbul edən ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda insan haqlarının təmin olunmasına xüsusi önəm verildiyini bildirmiş, ölkəmizin Prezidentinin tapşırıqlarına əsasən məhkəmə sisteminin müasirləşdirilməsinə və ədliyyə orqanlarının inkişafına yönəlmiş islahatlar barədə məlumat verərək, Avropa Şurası ilə həyata keçirilən sıx əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulamışdır. Nazir penitensiar xidmətin işinin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin, ərzaq və digər təminatlarının, onlara göstərilən tibbi xidmətin əsaslı surətdə yaxşılaşdırılması üzrə görülən tədbirləri diqqətə çatdıraraq, bu sahədə tam şəffaflığın təmin edilməsi üçün yaradılmış İctimai Komitənin səmərəli fəaliyyətini qeyd etmişdir.
Ölkəmizdə onların fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığına görə təşəkkür edən qonaqlar 10 gün davam etmiş səfərlə bağlı təəssüratlarını bölüşmüşlər. Müşahidə olunan dəyişiklikləri, o cumlədən yeni penitensiar müəssisələrin inşasını müsbət qiymətləndirən nümayəndə heyətinin üzvləri bununla bağlı, eləcə də mövcud problemlərin aradan qaldırılması üzrə təkliflərini bildirmiş, Komitənin tövsiyələrinin icrası sahəsində Ədliyyə Nazirliyi tərəfindən görülmüş işləri qeyd etmişlər. Qonaqlar, həmçinin islahatların davam etdirilməsi ilə bağlı görüləcək tədbirlərlə maraqlanmış, qaldırdıqları məsələlərə dair əhatəli məlumatlar verilməsindən razı qaldıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, səfərlə bağlı geniş hesabat hazırlandıqdan sonra Azərbaycan tərəfinə təqdim olunacaqdır.