PENİTENSİAR XİDMƏTİN ƏMƏKDAŞLARI İKİ UĞURLU ƏMƏLİYYAT KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində növbəti iki uğurlu əməliyyat tədbiri həyata keçirmişlər.
2003-cü ildən Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən axtarılan, barəsində beynəlxalq axtarış elan edilmiş, 1973-cü ildə Marneuli rayonunda anadan olmuş, bu ölkənin Cinayət Məcəlləsinin 239-cu maddəsi ilə təqsirləndirilən Əhmədov Eldar Ziatxan oğlu, 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı, 1965-ci il təvəllüdlü, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əhmədov Xanlar Ziatxan oğlu ilə görüşə gələrkən əldə olunmuş məlumat əsasında hazırlanaraq həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaxalanmışdır.
Eyni zamanda, 1953-cü ildə Gəncə şəhərində anadan olmuş, AR CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq) maddəsi ilə barəsində ölkəmizin hüquq mühafizə orqanları tərəfindən axtarış elan edilmiş Rahilə Nuru qızı Həsənova 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qohumu ilə görüşə gələrkən şübhəli şəxs qismində saxlanılmışdır.
Hər iki halda saxlanılanlar hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilmişlər.