Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb
Bakı, 22 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 327,5 milyon manatlıq, o cümlədən 20 milyard 751,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 576,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artıb. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 347,9 manat və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 28,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 188,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 159,5 manatlıq qeyri-ərzaq malları alıb. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 54,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil benzini və dizel yanacağının, 5,3 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.