Pərvin Qasımov: Könüllü fəaliyyətin ən əsas prinsipi təmənnasız fəaliyyət göstərməyi bacarmaqdır
Bakı, 1 fevral, Həsrət Mahmudova, AZƏRTAC
Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması respublikamızın inkişaf dinamikasının hazırkı tempi və mahiyyəti fonunda könüllülük hərəkatına yeni təkan verdi.
Bunu Bakı Gənclər Mərkəzinin direktoru Pərvin Qasımov AZƏRTAC-a açıqlamasında deyib.
P.Qasımov bildirib ki, bir neçə il əvvəl könüllülük fəaliyyəti əsasən ictimai sektorun bir hissəsi olsa da, artıq bu gün özəl və dövlət sektorunu da əhatə edir: “Xatırlatmaq istərdim ki, 2009-cu ilin iyununda qəbul olunmuş “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanunu bu fəaliyyətin hüquqi əsaslarını yaradıb. Qanun hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir. Qanunda nəzərdə tutulduğu kimi, könüllü fəaliyyətin başlıca istiqamətlərinə əsasən əlillərə, kimsəsizlərə, qocalara kömək edilməsi, hüquqi və mədəni maarifləndirmə, uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı, idmanın inkişafı, ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri daxildir. Könüllülük fəaliyyəti kadr hazırlığı prosesində də böyük önəm daşıyır. Könüllülük hərəkatında iştirak xüsusən gənclərə insanlarla iş təcrübəsi qazanmağa, özünü sınaqdan keçirməyə, ilk iş təcrübəsinə malik olmağa imkan verir. Bu baxımdan daha keyfiyyətli və hərtərəfli könüllülük proqramları kadrların yetişdirilməsi strategiyasının başlanğıc nöqtəsi hesab edilə bilər”.
Qeyd olunub ki, Bakı Gənclər Mərkəzi gənclərin ictimai fəallığının artırılması, könüllülük təşəbbüslərinin inkişaf etdirilməsi və fərdi inkişaflarına dəstək göstərilməsi məqsədilə könüllülük proqramları, müxtəlif tədbir və inkişaf məktəbləri həyata keçirməklə bu istiqamətdəki fəaliyyətini genişləndirir.