Peşə təhsili müəssisəsində “Məzun günü” keçirilib
Bakı, 24 iyun, AZƏRTAC
Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” keçirilib.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. “Məzun günü”ndə mərkəzin yaxından əməkdaşlıq etdiyi işəgötürən şirkətlərin təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov məzunları təbrik edib və ölkə miqyasında peşə təhsilli kadrlara olan tələbin hər il daha da artdığını vurğulayıb. Agentlik rəhbəri bildirib ki, bu prosesin məntiqi davamı olaraq Bakı və regionlarda müasir peşə təhsil müəssisələrinin qurulması prosesi davam edir.
Tədbir mərkəzin tələbə və müəllimlərinin iştirakı ilə hazırlanan bədii hissə ilə davam edib.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsindən 13 500-ə yaxın tələbə məzun olub.