Pirallahı rayonunda əhalinin tibbi müayinəsi uğurla davam edir
Bakı, 19 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevral ayının 17-dən Pirallahı rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır.
Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, kampaniya ərəfəsində operativ tədbirlər planı hazırlanmış, rayon rəhbərliyi yanında idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilmişdir. Müşavirədə səhiyyə müəssisələrinin rəhbərlərinə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin müayinəyə hazırlığı barədə tapşırıqlar verilmişdir. Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılan komissiya tədbirlər planının və verilən tapşırıqların icrası istiqamətində müvafiq iş aparır.
Aksiya çərçivəsində rayon üzrə ümumilikdə 18 mindən çox sakinin müayinə olunması nəzərdə tutulur. Bununla bağlı 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Çilov adasında yerləşən 16 saylı Birləşmiş Şəhər Xəstəxanasında və “Azmedicon” MMC-nin Neft Daşları Tibbi Sanitar Hissəsində lazımi hazırlıq işləri görülmüşdür.
10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov bildirmişdir ki, Dövlət Proqramı çərçivəsində əsaslı təmir olunmuş xəstəxana bu ilin yanvarında istifadəyə verilmişdir. 110 çarpayılıq xəstəxananın yenidən qurulması müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir və burada əhalinin tibbi müayinəsinin yüksək səviyyədə aparılması üçün hər cür şərait vardır. Xəstəxananın kollektivi bununla bağlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün səylə çalışır. Müayinəyə terapevtlər, cərrahlar, pediatrlar, həmçinin oftalmoloq, nevropatoloq, stamotoloq və dermatoloqlar cəlb olunmuşlar. Kardioqram çıxarılır, ultrasəs, rentgen, laborator müayinələr aparılır. Həkimlərdən Həsən Quliyev, Tamara Ağayeva, Mübariz Abbasov, Kəmalə Mustafayeva, Nəzakət Əliyeva, Sevda Əliyeva və başqaları sakinlərin hər bir müraciətinə həssaslıqla yanaşırlar. Gün ərzində 200 nəfərdən çox sakin müayinədən keçir.
Səhər saatlarından başlayaraq rayonun digər səhiyyə ocaqlarına axışan insanlar da növbə ilə qeydiyyatdan keçir, həkimlərin qəbulunda olurlar. Rayonda əhalinin ödənişsiz tibbi müayinəsi mayın 1-dək davam edəcəkdir.