Pirallahı rayonunda genişmiqyaslı tikinti-quruculuq işləri davam etdirilir
Bakı, 14 noyabr (AZƏRTAC). Pirallahı rayonunda genişmiqyaslı tikinti-quruculuq işləri, yeni layihələrin bəzilərinin icrası artıq həyata keçirilməkdədir. Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə-Pirallahı magistral su xəttinin inşası və qəsəbədaxili şəbəkənin çəkilişi başa çatdıqdan sonra Pirallahı sakinləri 24 saat keyfiyyətli içməli su ilə təmin olunacaqlar. Pirallahı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması işlərinin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, rayonda həyata keçiriləcək böyük layihələrdən biri də Yüksək Texnologiyalar Parkının yaradılmasıdır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il sentyabrın 16-da Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Fərman imzalamışdır. Nəinki Pirallahı rayonunun, bütövlükdə respublikamızın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyan bu layihənin əsas məqsədi iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılmasıdır.
Həyata keçirilən tədbirlər çərçivəsində Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək yeni körpünün inşası işləri davam etdirilir. Bundan başqa, Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsində bu ilin iyul ayından başlanan “Abad Məhəllə” layihəsinin icrası da davam etdirilir. Ümumi yaşayış sahəsi 600 kvadratmetrdən çox olacaq üçmərtəbəli binanın birinci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur. Mənzillər 1 və 2 otaqlı olacaqdır.