Pirallahı rayonunda karantin rejimi qaydalarına riayət olunması ilə bağlı nəzarət-profilaktik tədbirlər keçirilib
Bakı, 12 avqust, AZƏRTAC
Pirallahı Rayon Polis Şöbəsinin və rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkarlanması istiqamətində növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Polis əməkdaşları onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni, tibbi maskalardan istifadənin zəruriliyi barədə məlumatlandırıblar.
Tədbir zamanı tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb və barələrində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin taksi avtomobillərində şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barəsində də qanunauyğun tədbirlər görülüb.
Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları, həmçinin fəaliyyətinə icazə verilən iri ticarət mərkəzlərində də nəzarət-profilaktik tədbirlər keçiriblər. Qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslər müəyyənləşdirilib və onlarla izahedici söhbətlər aparılıb. Xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə intizam tədbirləri görülüb.
Pirallahı rayonu ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədilə ictimai nəqliyyatda və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi həyata keçiriləcək.