Pirallahı rayonunun sakinləri tibbi müayinələrdən razıdırlar
Bakı, 14 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin bütün ölkə vətəndaşlarının tibbi müayinələrdən keçirilməsi ilə bağlı tapşırığı Bakının Pirallahı rayonunda da uğurla icra edilir.
AZƏRTAC xəbər verir ki, rayon sakinləri böyük həvəslə müəyyən olunmuş tibb müəssisələrinə gəlirlər.
Rayondakı 10 saylı birləşmiş şəhər xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva demişdir ki, müayinəyə gələnlərin sayı gündən-günə artmaqdadır. İndiyədək rayon üzrə dispanserizasiyası nəzərdə tutulmuş sakinlərin 9 min 546 nəfəri tibbi müayinələrdən keçmişdir. Onlardan 585 nəfərə ambulator, 146 nəfərə isə stasionar müalicə kursu təyin edilmişdir. Xüsusi yaradılmış həkim briqadası isə evlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır.
Rayon sakinləri humanitar aksiyanın gedişi ilə bağlı razılıqlarını bildirmişlər. Pirallahı qəsəbə sakini İlqar Məmmədli demişdir: “Əhalinin pulsuz tibbi müayinələrə cəlb edilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırıq, hər şeydən əvvəl, dövlətin sosial siyasətinin, vətəndaşlarımızın dövlət qayğısı ilə əhatə olunmasının bariz təzahürüdür. Bilirsiniz, bizim insanlar tez-tez həkimə getməyə, müayinədən keçməyə o qədər də həvəsli deyillər. Möhtərəm Prezident bu humanist təşəbbüsü ilə insanları hərəkətə gətirdi, indi hər gün uşaqlı-böyüklü sakinlərimiz, eləcə də rayonumuzda məskunlaşmış məcburi köçkünlər dəstə-dəstə rayonun mərkəzi xəstəxanasının poliklinika şöbəsinə gəlirlər, hərtərəfli tibbi müayinələrdən keçirlər. Azərbaycan Prezidentinin hər bir vətəndaşın sağlamlığının qayğısına həssaslıqla yanaşması bizi ürəkdən sevindirir. Buna görə dövlətimizin başçısına bütün Pirallahı sakinləri adından dərin minnətdarlığımızı bildirirəm.”
Pirallahı rayon 186 nömrəli tam orta məktəbin direktoru Arif Xankişiyev isə razılığını belə ifadə etmişdir: “Millətin sağlam olması körpələrin, uşaqların sağlam böyüməsindən insanların sağlam yaşamasından asılıdır. Məzh bu baxımdan Prezident İlham Əliyevin tapşırığı böyük əhəmiyyətə malikdir. Artıq I-IX sinif şagirdlərinin müayinədən keçməsi başa çatmış, yuxarı sinif şagirdlərinin tibbi müayinəsi isə bu gün başlamışdır. Müayinə prosesindən şagirdlər, müəllimlər və valideynlər çox məmnundurlar. Yaradılan şəraitə görə məktəbin kollektivi adından dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm.”