Poeziyanın folklorla qarşılıqlı əlaqələri tədqiq edilir
Bakı, 29 aprel, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin növbəti onlayn tədbiri poeziyanın folklorla qarşılıqlı əlaqələrinə həsr edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə şöbənin müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev qeyd edib ki, poeziyanın folklorla qarşılıqlı əlaqələri şeir sənətinin bədiilik imkanlarını daha da artırıb, yeni poetik nümunələr yaranmasına təkan verib.
Müzakirənin əyani keçməsi üçün tədbirə dəvət alan şairə Nuranə Nur şeirlərin yaranma texnologiyasından danışaraq, poeziyada folklor qatının formalaşmasını təhtəlşüur hadisəsi kimi mənalandırıb. Sonra yeni şeirlərini səsləndirib
Müzakirə N.Nurun şeirləri ilə yanaşı, digər şairlərdən gətirilən nümunələrin təhlili ilə davam etdirilib.
Şöbənin doktorantları Fidan Qasımova, Aynur İbrahimova, Aytac Abbasova və başqa əməkdaşlar çıxışlarında folklordan və mifologiyadan gələn obrazlar, motivlər, bəzən də süjet əlamətlərinin şairlərin yaradıcılığında fikrin daha təbii təqdiminə şərait yaratdığını vurğulayıblar. Həmçinin sənətkar düşüncəsi ilə xalq bədii təfəkkürünün vəhdətinin milli mənəvi irsin daha da zənginləşməsinin mühüm vasitələrindən biri olduğu qeyd edilib.