MƏDƏNİYYƏT
POLAD BÜLBÜLOĞLU MDB ÖLKƏLƏRİ MƏDƏNİ ƏMƏKDAŞLIQ ŞURASININ SƏDRİ SEÇİLMİŞDİR
Sentyabrın 25-də Moskvada MDB-nin üzvü olan ölkələrin Mədəni Əməkdaşlıq Şurasının iclası keçirilmişdir.
İclasda MDB ölkələrinin bu il sentyabrın axırı- oktyabrın əvvəlində keçiriləcək beynəlxalq milli incəsənət festivalına dair uzunmüddətli perspektiv layihənin reallaşdırılası və maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Bundan əlavə, MDB dövlətlərinin mədəniyyət və incəsənət xadimlərinin “Mədəni irsin qorunması və yaradıcı gənclərin dəstəklənməsi” mövzusunda 2-ci Konqresinin təşkili, 2005-ci ilədək dövrdə mədəniyyət sahəsində əməkdaşlığa dair əsas tədbirlər proqramının həyata keçirilməsi, Sankt-Peterburqun 300 illiyinin bayram edilməsinə hazırlığın gedişi, MDB çərçivəsində rəssamlıq təhsili sahəsində elmi-metodik əməkdaşlıq məsələləri də müzakirə olunmuşdur.
İclasda MDB dövlətlərinin mədəniyyətinin qanunvericilik təminatının öyrənilməsinə və müqayisəli təhlilinə dair işçi qrupun tərkibi təsdiq edilmişdir.
Polad Bülbüloğlu MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının sədri seçilmişdir.
Elə həmin gün Moskva Dövlət Milli İncəsənət Musiqi Teatrında MDB-nin üzvü olan ölkələrin birinci beynəlxalq milli incəsənət festivalı açılmış, yaradıcı kollektivlərin iştirakı ilə ilk qala-konsert olmuşdur. MDB-nin üzvü olan 10 ölkənin yaradıcı kollektivləri 5 gün ərzində bu teatrın səhnəsində çıxış edəcəklər. Azərbaycanı təmsil edən Rəşid Behbudov adına Mahnı Teatrı artistlərinin çıxışları böyük maraqla qarşılanmışdır. Onlar instrumental improvizasiyanı, “Qarabağ şikəstəsi” muğam kompozisiyasını və “İgidlər rəqsi”ni ifa etmişlər.
MDB-nin birinci beynəlxalq milli incəsənət festivalının açılışında Rusiya Federasiyası hökumətinin sədri Mixail Kasyanov iştirak etmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva