Polimer gellərin gen terapiyasında istifadəsi məsələsi müzakirə olunub
Bakı, 29 mart, AZƏRTAC
Hazırda tibdə dərman maddələrinin uzunmüddətli təsirinə nail olmaq üçün daşıyıcı kimi polimer gellərdən istifadə edilməsi gündəmdədir. Bu fikir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Kimya Problemləri üzrə Elmi Şurasının iclasında səsləndirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclasda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, professor Nizami Zeynalovun “Polimer hidrogellər dərman maddələrinin daşınması və gen terapiyasında effektiv vektor kimi” mövzusunda məruzəsi dinlənilib. N.Zeynalov polimer hidrogellər, onların dərman maddələrinin daşınmasında və gen terapiyasında istifadəsi haqqında laboratoriyada aparılan işlərdən, alınmış nəticələrdən danışıb.
Məruzəçi bildirib: “Məlumdur ki, aşağı molekul kütləli dərmanlar orqanizmdə uzun müddət qala bilmir, onlar ya sürətlə xaric olunur, yaxud metabolizmə uğrayır. Ona görə də nəticəyə nail olmaq üçün dərman preparatlarının artıq miqdarda və ya təkrarən qəbul edilməsi lazım gəlir. Orqanizmdə bioloji aktiv birləşmələr özlərinin fiziki-kimyəvi xassələrinə uyğun olaraq yayılır və ancaq çox nadir hallarda daxil edilmiş dərmanların 10 faizə qədəri zədələnmiş orqanlara təsir göstərə bilir”.
Alimin sözlərinə görə, bioloji aktiv birləşmələrin polimer daşıyıcılara immobilizə olunması onların farmakoloji xüsusiyyətlərini yaxşılaşdırır, təsir müddətini və aktivliyini artırır, toksiki təsirini azaldır, həmçinin zədələnmiş orqanlara təsir qüvvəsini çoxaldır və saxlanılma zamanı stabilliyini artırır. Azərbaycan Tibb Universiteti ilə birgə bu sahədə aparılan tədqiqatlarda mühüm nəticələr əldə olunub. Belə ki, doksorubisinin immobilizə olunması üçün poliakril turşusu və poli-N-vinilpirrolidon əsasında yeni yaddaşa malik polimer hidrogellər sintez olunub, onların yüksək sorbsiya qabiliyyətinə malik olduğu müəyyən edilib.
Alim bu tip polimerlərin istifadəsi ilə şiş xəstəliklərinin eksperimental müalicəsində doksorubisinin terapevtik dozasını xeyli azaltmağın mümkün olacağını söyləyib.
Sonra məruzə ətrafında geniş müzakirələr aparılıb və məruzənin AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.