Polis Akademiyasında faşizm üzərində Qələbənin 73-cü ildönümünə həsr edilən tədbir keçirilib
Bakı, 4 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə tədbir keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Böyük Vətən müharibəsi veteranı, təqaüddə olan polis polkovnik-leytenantı, hüquq elmləri namizədi Mehdi Mehdiyev, DİN-in Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov və Şuranın sədr müavini, istefada olan polis polkovniki Ramiz Axundov iştirak ediblər.
Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək İkinci Dünya müharibəsinin tarixindən danışıb, 9 May - Qələbə Gününün Azərbaycanda məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən bayram kimi qeyd olunduğunu diqqətə çatdırıb. O, müharibədə azərbaycanlıların həm ön, həm də arxa cəbhədə göstərdikləri şücaət və igidliklər barədə şəxsi heyətə ətraflı məlumat verib.
Veteran Mehdi Mehdiyev keçdiyi odlu-alovlu müharibə, eyni zamanda, şərəfli ömür yolu haqda söhbət açıb, gənc nəslə tövsiyələrini verib.
Akademiyanın ictimai elmlər kafedrasının rəisi, polis kapitanı Rəhim Məcnunov İkinci Dünya müharibəsində Azərbaycan oğul və qızlarının əsl qəhrəmanlıq göstərdiklərini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin DİN-in Veteranlar Şurasının sədri Fərhad Süleymanov çıxış edərək respublika daxili işlər orqanları əməkdaşlarının Böyük Vətən müharibəsinin ilk günlərindən səfərbər olaraq həm ön, həm arxa cəbhədə fədakarlıqlar göstərdiyini, müharibədə döyüşən 800 azərbaycanlı milis əməkdaşından üçünün “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına, onlarla əməkdaşın orden və medallara layiq görüldüklərini bildirib. Həmin veteranların müharibədən sonrakı illərdə ölkəmizdə ictimai asayişin qorunmasında da qəhrəmanlıqlar göstərdikləri qeyd olunub.
Akademiya rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Osman Vəliyev çıxışında müharibədə xaricdə yaşayan soydaşlarımızın da iştirak etdiklərini və faşizmə qarşı mübarizədə böyük şücaət göstərdiklərini bildirib.
Sonda Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib. Gələcəkdə Akademiyada keçirilən tədbirlərdə veteranların yaxından iştirak etmələrinin və kursantlarla tövsiyə xarakterli söhbətlər aparmalarının vacibliyi vurğulanıb.