Polo üzrə Azərbaycan milli komandası Avropa çempionatının finalına vəsiqə qazanıb
Bakı, 10 sentyabr, AZƏRTAC
Binə Atçılıq Mərkəzində arena polo üzrə birinci Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da ot örtüklü açıq meydanda keçirilən çempionatın dördüncü turunda Azərbaycan milli komandası yenə də uğurla çıxış edib.
Turun ilk görüşündə Elçin Camallı, Tərlan Qurbanəliyev və Silvester Qarrosdan ibarət Azərbaycan yığması İsveçrə komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan polo ustalarının 11:6 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər görüşündə İtaliya millisi Almaniya yığması ilə üz-üzə gəlib. Qarşılaşmada Almaniya təmsilçisi 5:3 hesabı ilə qələbə qazanıb. Bu mərhələnin son oyununda isə İrlandiya poloçuları İspaniya seçməsi ilə oynayıb. Bu dəfə sevinən tərəf İrlandiya millisi olub-8:6.
Beləliklə, çempionatda dörd turdan sonra 4 qələbə qazanan və məğlubiyyətlə üzləşməyən Azərbaycan komandası 8 xalla turnir cədvəlinə liderlik edir. Bu nəticələrdən sonra Azərbaycan seçməsi ən azı ikinci yeri təmin edərək Avropa çempionatının final oyununa vəsiqə qazanıb.
Sentyabrın 11-də növbəti turda əvvəlcə meydana Almaniya və İsveçrə komandaları çıxacaqlar. İkinci oyunda millimiz İspaniya yığması ilə görüşəcək. Avropa çempionatının beşinci turuna İtaliya-İrlandiya oyunu ilə yekun vurulacaq.
Çempionatda bombardirlər siyahısına Azərbaycan seçməsinin üzvü Silvester Qarros başçılıq edir.
Yarışın finalı sentyabrın 12-də olacaq. Həlledici oyunda seçməmizin rəqibi beşinci turun nəticələrinə əsasən müəyyənləşəcək.