Polo üzrə Azərbaycan millisi Avropa çempionatının finalında Almaniya yığması ilə qarşılaşacaq
Bakı, 11 sentyabr, AZƏRTAC
Binə Atçılıq Mərkəzində arena polo üzrə birinci Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 11-da ot örtüklü açıq meydanda keçirilən çempionatın beşinci turunda Azərbaycan komandası yenə də uğurla çıxış edib.
Turun ilk oyununda Almaniya komandası İsveçrə seçməsini 6:3 hesabı ilə məğlub edərək Avropa çempionatının finalında oynamaq hüququ qazanıb.
Bu mərhələnin ikinci görüşündə Elçin Camallı, Tərlan Qurbanəliyev və Silvester Qarrosdan ibarət Azərbaycan millisi İspaniya yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan polo ustalarının 9:3 hesablı qələbəsi ilə başa çatıb.
Beşinci tura İtaliya-İrlandiya oyunu ilə yekun vurulub. Qarşılaşmada Apenin təmsilçisi 5:3 hesabı ilə qələbə qazanıb.
Çempionatda 5 qələbə qazanan və məğlubiyyətlə üzləşməyən Azərbaycan komandası 10 xalla turnir cədvəlinə liderlik edir.
Yarışda bombardirlər siyahısına Azərbaycan seçməsinin üzvü Silvester Qarros başçılıq edir.
Sentyabrın 12-də beşinci, üçüncü yer uğrunda görüşlər və final matçı keçiriləcək. Əvvəlcə İsveçrə və İtaliya poloçuları beşinci, İspaniya və İrlandiya komandaları isə üçüncü yerin sahibini müəyyənləşdirmək üçün meydana çıxacaqlar.
Azərbaycan seçməsi Avropa çempionatının finalında Almaniya yığması ilə yarışın qalibi olmaq uğrunda mübarizə aparacaq.