Polşanın Vrotslav Universitetində Xocalı faciəsinə həsr edilmiş tədbir keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Polşanın Vrotslav Universitetində təhsil alan azərbaycanlı tələbələr Kamilə Hacıyeva və Murad Məmmədli Xocalı faciəsinə həsr olunmuş tədbir keçiriblər.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, müəllim heyəti və müxtəlif ölkələrdən olan tələbələr iştirak ediblər.
Tədbiri açan Vrotslav Universitetinin rektoru Adam Yezerski əvvəlcə Azərbaycan-Polşa münasibətlərinin inkişafından danışıb.
Sonra K.Hacıyeva Xocalı faciəsi ilə bağlı məlumatların əks olunduğu təqdimatla çıxış edib. Təqdimatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, erməni millətçiləri tərəfindən xalqımıza qarşı müxtəlif vaxtlarda məqsədyönlü şəkildə həyata keçirilmiş terror, etnik təmizləmə, soyqırımı siyasəti barədə məlumat verilib. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasından bəhs olunub.
Tədbirdə çıxış edən səfir Həsən Həsənov faktlara əsaslanaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə məlumat verib. Səfir münaqişənin hazırkı mərhələsinin yaranma tarixi və səbəbləri barədə danışdıqdan sonra bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Mövzu ilə əlaqədar səfirlik tərəfindən nəşr edilmiş çoxsaylı kitab və broşürlər iştirakçılara təqdim edilib.
Tədbirin təşkilinə Azərbaycanın Polşadakı səfirliyi lazımi kömək göstərib.