“Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub
Bakı, 30 aprel, AZƏRTAC
Hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Polyup” resursları şagirdlərə virtual olaraq genişləndirilmiş reallıqda obyektləri dəyişərək riyaziyyat və kompüter elminin həyata təsirini əyani şəkildə anlamağa dəstək olur.
Portalda sözügedən resurslardan faydalanmaq üçün “Teams > General” bölməsində “Polyup” altbölmələrinə daxil olmaq lazımdır. Mobil tətbiq istifadəçiləri əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər.
“Virtual məktəb” platformasında tədris aparan müəllimlər “Polyup” platformasından onlayn dərslərində istifadə edə bilərlər. Əyani olaraq Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Elvin Əliyevin distant dərsini izləmək mümkündür.
Qeyd edək ki, funksionallığı və imkanları genişləndirilən portalda hazırda görüntülü və audiodərslərin keçirilməsi, teledərslərin izlənilməsi, elektron dərsliklər, videodərslər, “Polyup”, testlər kimi interaktiv resurslardan istifadə, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlər üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi imkanları təqdim olunub.
Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən start verilən “Virtual məktəb” layihəsi hazırda ölkə üzrə 500 mindən çox şagird və 45 mindən çox müəllimi əhatə edir. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir.