Prezident İlham Əliyevin Davos mesajları Azərbaycanın qlobal mövqeyini bir daha təsdiqlədi ŞƏRH
Bakı, 21 yanvar, AZƏRTAC
Davos Ümumdünya İqtisadi Forumunda Prezident İlham Əliyevin iştirakı və səsləndirdiyi fikirlər bir daha göstərib ki, Azərbaycan bu gün yalnız regional deyil, qlobal siyasi-iqtisadi gündəmin fəal iştirakçısıdır. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın mövqeyinin aydın, ardıcıl və prinsipial olduğunu bir daha nümayiş etdirib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
O qeyd edib ki, dövlətimizin başçısının müharibədən sonra regiondakı reallıqlarla bağlı səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkib. “Prezident İlham Əliyev müharibədən sonra yeni reallıqların yarandığını və bu reallıqlar üzərində dayanıqlı sülh üçün rəsmi Bakının konkret addımlar atdığını vurğulayıb. Bu yanaşma Azərbaycanın regionda uzunmüddətli sabitliyin tərəfdarı olduğunu göstərir. Həmçinin Davos tribunasından səslənən mesajların mühüm tərəfi ondan ibarət idi ki, sülh yalnız siyasi istiqamətlərlə məhdudlaşmır. Prezident İlham Əliyev açıq şəkildə bildirib ki, sülh iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları və regional inteqrasiya deməkdir. Bu isə Azərbaycanın sülh gündəliyinin real və praktik məzmun daşıdığını, kağız üzərində qalmadığını göstərir”, - deyə Ü.Zülfiqar vurğulayıb.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Davosdakı nikbin çıxışı da diqqətdən yayınmayıb. Onun sülhə ümidlə yanaşması və gələcək əməkdaşlıqdan danışması isə bir həqiqəti təsdiqləyib. Belə ki, bu nikbinlik Azərbaycanın yaratdığı yeni siyasi mühitin nəticəsidir. Əgər bu gün Ermənistan rəhbərliyi daha pozitiv ritorikadan istifadə edirsə, bu, Azərbaycanın prinsipial və qətiyyətli siyasətinin məntiqi nəticəsidir.
“Davos Forumu çərçisində dövlətimizin başçısının keçirdiyi görüşlər mühüm əhəmiyyət kəsb edir. Maliyyə institutları və iri investisiya qurumları ilə keçirilən görüşlər Azərbaycanın makroiqtisadi sabitliyinə və fiskal intizamına olan beynəlxalq etimadın göstəricisi kimi dəyərləndirilir. Bu təmaslar ölkəyə yeni-yeni investisiya axınlarının cəlb edilməsi, maliyyə şaxələndirilməsi baxımından mühüm perspektivlər açır, həmçinin sözügedən institutlar üçün ölkəmizlə əməkdaşlıq istiqamətində yeni imkanlar yaradır”, - deyə Ü.Zülfiqar əlavə edib.