Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi gənclərə stimul verdi
Bakı, 3 fevral, AZƏRTAC
Könüllülük fəaliyyətində ünsiyyətçil və pozitiv olmaq, insanlarla dil tapmaq bacarığı əsas götürülür. Burada vətəndaşlarla həssas davranmaq vacib şərtlərdəndir. Müraciət edən vətəndaşın sorğusuna ətraflı cavab vermək, səbirli olmaq, onu razı salmaq tələb olunur. Tutaq ki, vətəndaş nədənsə narazıdırsa, onun narazılığının səbəblərini müəyyənləşdirmək və həll etmək lazımdır. Düşünürəm ki, könüllü olmaq, bir növ, insanlara sevinc bəxş etməkdir, onları sevindirməkdir. Könüllülük fəaliyyəti təkcə iş təcrübəsinə yiyələnmək deyil, həm də yeni mühit, yeni dostlar qazanmaqdır. Əhatə genişləndikcə insanları tanımaq da asanlaşır, dil öyrənmək problem olmur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 22 yaşlı könüllü Asiman Süleymanov söyləyib.
A.Süleymanov Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 4-cü kursunda təhsil aldığını deyib. İlk dəfə özünü könüllü kimi 2017-ci ildə sınayıb. Voleybol üzrə Avropa çempionatında 10 gün biletlərin yoxlanılması işində təşkilatçılara kömək edib. Bu iş çox xoşuna gəldiyindən həmin il ölkəmizdə keçirilən daha bir mötəbər yarışda - IV İslam Həmrəyliyi Oyunlarında könüllü kimi çalışıb. 2019-cu ildə isə Azərbaycanın ev sahibliyi etdiyi Avropa Gəncləri Olimpiya Festivalında biletlərin yoxlanılması işi üzrə könüllülər qrupuna rəhbərlik edib. Hazırda Azərbaycan Gimnastika Federasiyası ilə əməkdaşlıq edir.
“Könüllülük bir həyat tərzidir, vətənpərvərlikdir. Həm də könüllülüyün yaşı yoxdur. Dünyanın bir çox yerlərində yaşlı insanlar könüllülük fəaliyyəti ilə məşğul olur, öz töhfələrini verirlər. Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi bizi çox sevindirdi. Bu, bizə gələcək fəaliyyətimizdə daha yaxşı çalışmağa stimul verdi”, - deyə A.Süleymanov vurğulayıb.