PREZİDENT İLHAM ƏLİYEVİN DİPLOMATİK XİDMƏT ORQANLARI QARŞISINDA QOYDUĞU VƏZİFƏLƏR YERİNƏ YETİRİLİR
-Dövlətimizin başçısı müşavirədə söylədiyi dərin məzmunlu nitqində Azərbaycanın xarici və daxili siyasətində qazanılmış uğurları ətraflı təhlil edərək, diplomatik korpuslar qarşısında duran vəzifələri konkret müəyyən etmişdir.
Azərbaycan həqiqətlərinin dünyada yayılması, ölkəmizin bütün sahələrdə dinamik inkişafı nəticəsində əldə edilmiş uğurların, dövlətimizin qüdrətlənməsi naminə Prezidentimizin məqsədyönlü fəaliyyətinin təbliği işimizin əsas istiqamətlərindən birini təşkil edir. Bununla əlaqədar Küveyt televiziyasının birinci kanalında Azərbaycanla bağlı verilişlər təşkil olunmuş, sənədli filmlər göstərilmiş, nüfuzlu “Əl-Ray-əl-Amm” və “Əl-Vətən” qəzetlərində geniş müsahibələrimiz dərc edilmişdir. Bu materiallarda Müstəqillik illərində ölkəmizin keçdiyi şərəfli tarixi yol, dövlət suverenliyinin möhkəmləndirilməsində, siyasi, iqtisadi islahatların aparılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri, ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi geniş əksini tapmışdır.
Prezident İlham Əliyev ölkəmiz üçün taleyüklü məsələlərin, xüsusilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması sahəsində hücum xarakterli tədbirlər görülməsini diplomatik korpus rəhbərlərinin mühüm vəzifəsi kimi vurğulamışdır. Bu baxımdan biz Küveytdə fəaliyyət göstərən digər səfirliklərlə, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri ilə sıx, işgüzar əlaqələr qurmuşuq. Səfirliyimiz Xocalı soyqırımı, Dağlıq Qarabağda və işğal altında olan digər rayonlarda ermənilərin törətdikləri ağlasığmaz vəhşiliklərdən bəhs edən fotoalbomlar və kitabçaları, Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” kitabçalarını ərəb dilinə çevirərək, kütləvi informasiya vasitələrinə, ali təhsil müəssisələrinə, nüfuzlu dövlət qurumlarına və ictimai təşkilatlara göndərmiş, dövlətin siyasətinə təsir edə bilən nüfuzlu məmurlara paylamışdır. Erməni lobbisinin ölkəmizə qarşı məkrli təbliğatı, çirkin informasiya müharibəsi, onların beynəlxalq aləmdəki muzdlu siyasi havadarlarının fitnəkar, saxta əməllərinin ifşası da səfirliyimizin fəaliyyətində mühüm yer tutur. Bütün görüşlərdə Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu, etnik təmizləmə nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, habelə digər beynəlxalq təşkilatların qərarlarına Ermənistanın məhəl qoymadığı bildirilir. İşğal altındakı Azərbaycan ərazilərində yerüstü və yeraltı sərvətlərin talan olunduğu, məscidlərin, müqəddəs ziyarətgahların məhv edildiyi konkret faktlarla diqqətə çatdırılır. Bədnam qonşularımızın Azərbaycan əleyhinə yönəldilmiş bir neçə konkret cəhdi isə səfirliyimizin vaxtında müdaxiləsi sayəsində baş tutmamış, onların Küveyt dövlətinə hər hansı bir təsir imkanı minimuma endirilmişdir.
Xüsusi qeyd edilməlidir ki, Prezidentimizin İslam Konfransı Təşkilatına, İslam İnkişaf Bankı və digər nüfuzlu qurumlara münasibətdə mövqeyi, onların fəaliyyətində Azərbaycanın yaxından iştirakı Küveytdə də həmişə yüksək qiymətləndirilir və ölkəmizlə bağlı məsələlərdə ədalətli mövqe tutmasında həlledici amillərdən birinə çevrilmişdir. Bunun nəticəsidir ki, ərəb ölkələri, xüsusən Küveyt beynəlxalq tədbirlərdə həmişə Azərbaycanın mövqeyini müdafiə edir.
Bu dövlətdə cəmi bir neçə həmvətənimiz ailəlikcə yaşayır, bir qrup gənc ali təhsil alır. Səfirliyin əməkdaşları onlarla daim əlaqə saxlayır, həmvətənlərimiz də tez-tez səfirliyimizə qonaq gəlir, əlamətdar günləri birlikdə qeyd edirik.
Hazırda Azərbaycan ilə Küveyt arasında ikitərəfli münasibətlərdə heç bir problem yoxdur və əlaqələrimizin inkişafı davam edir. Küveytin bir neçə naziri, parlamentin üzvləri bu il ölkəmizdə olmuş, Azərbaycanda bu ölkənin səfiri fəaliyyətə başlamışdır. İqtisadi inkişaf, təhsil nazirləri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi bir qrup din, elm xadimi Küveytdə səfərdə olmuşdur. Küveytin İnformasiya Agentliyi (KUNA) dünya informasiya məkanında öz yerini tutan AZƏRTAC-la əməkdaşlıq haqqında saziş imzalamaqda maraqlı olduğunu bildirmişdir və artıq bu istiqamətdə də işlər aparılır.
Küveyt indiyədək respublikamızda bir sıra layihələrin maliyyyələşməsinə yardım etmişdir. Perspektivdə əlaqələri genişləndirəcək bir neçə layihə də vardır. Azərbaycanda Küveytin səfirliyinin açılması da münasibətlərin inkişafına təkan verən amil olacaqdır.
Səfirliyimiz ötən müddətdə işini ölkəmizin maraqları naminə qurmağa nail olmuşdur və Azərbaycan Prezidenti İlham Əliyevin diplomatlarımız qarşısında qoyduğu proqram xarakterli vəzifələrə müvafiq olaraq, fəaliyyətimizi daha da genişləndirəcəyik.