Prezident Tramp Polşaya səfərini təxirə salıb
Vaşinqton, 30 avqust, AZƏRTAC
Artıq xəbər verildiyi kimi, Atlantik okeanında yaranmış və Karib dənizi hövzəsinin şərq hissəsindən keçən “Dorian” tropik qasırğası dördüncü kateqoriyaya qədər güclənəcək. Amerika meteoroloqları hesab edirlər ki, “Dorian” Floridanı, Melburn və Mayami şəhərləri arasındakı ərazini cənginə alacaq. Qasırğa özü ilə dağıdıcı küləklər və 30 santimetrdən çox yağıntı gətirəcək.
ABŞ Prezidenti Donald Tramp avqustun 29-da bəyan edib ki, potensial təbii fəlakətlə bağlı vəziyyətə Vaşinqtondan nəzarət etmək üçün Polşaya səfərini təxirə salıb. AZƏRTAC xəbər verir ki, Varşavaya Prezidentin yerinə vitse-prezident Mayk Pens gedəcək.
Prezident Tramp “Tvitter” səhifəsində yerləşdirilmiş qısa videoda deyib ki, qasırğa çox güclü olacaq, lakin administrasiya onun nəticələrinə hazırdır. Gözlənildiyinə görə, avqustun 29-da ikinci kateqoriyaya qədər güclənmiş fırtına bu gün üçüncü kateqoriyaya çatacaq. Meteoroloqlar bildiriblər ki, “Dorian” dördüncü kateqoriyaya bazar ertəsi - sentyabrın 2-də çatacaq və Floridanı bütünlüklə cənginə alacaq.
Əgər “Dorian” Floridanın şərq sahillərinə saatda 200 kilometr sürətlə çatsa, bu, həmin ərazinin son 27 ildə məruz qaldığı ən güclü qasırğa olacaq. Sonuncu dəfə belə hadisə 1992-ci ildə baş verib. Onda Florida dağıdıcı “Endrü” qasırğasına məruz qalıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton