PREZİDENTİN SƏRƏNCAMLARI MÜSTƏQİL MƏTBUATIN İNKİŞAFINA QAYĞININ BARİZ TƏZAHÜRÜDÜR
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” və “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları ölkə ictimaiyyəti, jurnalist təşkilatları, kütləvi informasiya vasitələri tərəfindən böyük razılıqla qarşılanmışdır.
Azərbaycan Mətbuat Şurasının dövlət başçısına təşəkkür məktubunda deyilir ki, Azərbaycan jurnalistləri bu sənədləri ölkəmizdə müstəqil kütləvi informasiya vasitələrinin inkişafı, onların iqtisadi dayaqlarının möhkəmləndirilməsinə diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirirlər. Bu, bir daha sübut edir ki, vətəndaş cəmiyyəti quruculuğunun mühüm şərti olan azad, obyektiv, peşəkar mətbuatın formalaşması və inkişafı üçün ulu öndər Heydər Əliyevin yaratdığı təməlin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir.
Kütləvi informasiya vasitələrinin problemləri daim dövlətin diqqət mərkəzində olmuş, bu məqsədlə çoxsaylı tədbirlər görülmüşdür. Qəzetlərin “Azərbaycan” nəşriyyatına illər ərzində toplanmış borclarının dövlət vəsaiti hesabına silinməsini, milli mətbuatımızın 130 illik yubileyi münasibətilə 30-dan artıq qəzetə birdəfəlik maliyyə yardımı ayrılmasını, 140-a yaxın jurnalistin orden, medal və fəxri adlara, Prezident təqaüdünə layiq görülməsini, həbsdə olan media əməkdaşlarının əfv edilməsini və digər tədbirləri buna misal kimi göstərmək olar.
Məktubda daha sonra deyilir ki, Konsepsiyanın qəbul olunması ölkəmizdə bütün sahələrdə inkişafın müşahidə edildiyi bir vaxtda mətbuat sahəsində bu prosesin ləngiməsindən dövlət başçısının narahat olduğunu göstərir. Azərbaycan jurnalistləri hesab edirlər ki, qəbul olunmuş sənədlər kütləvi informasiya vasitələrinin müstəqilliyinin artırılması, onların iqtisadi vəziyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərimizin rifah halının yüksəldilməsi sahəsində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin daha bir nümunəsidir. Sizin sərəncamınızla 38 gündəlik qəzetə və informasiya agentliyinə birdəfəlik maddi yardım ayrılması bizi həm fərəhləndirir, həm də məsuliyyət hissimizi artırır. Çalışacağıq ki, bu etimadı əməli fəaliyyətimizlə doğruldaq, sivilizasiyalı media mühitinin bərqərar olması ilə bağlı mühüm vəzifələrin həyata keçirilməsinin daha fəal iştirakçıları olaq.
Möhtərəm cənab Prezident, Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədi ilə həyata keçirdiyiniz tədbirlərə görə Sizə ölkə jurnalistlərinin minnətdarlığını çatdırır. Biz Vətənimizin rifahı, vətəndaş cəmiyyəti quruculuğu ilə bağlı vəzifələrin həyata keçirilməsində Sizin yaxın müttəfiqiniz və köməkçiniz olmağı özümüzə şərəf hesab edirik.