PREZİDENTİN TÖVSİYƏLƏRİ BƏRDƏDƏ UĞURLA HƏYATA KEÇİRİLİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, son vaxtlar rayonda 50-dək yeni obyekt tikilib istifadəyə verilmiş, 10-dan çox müəssisə fəaliyyətini bərpa etmiş, yeni istehsal sahələri yaradılmışdır. Yeni işə salınan müəssisələrdə 262 nəfər daimi, 321 nəfər mövsümi işlə təmin edilmişdir.
Prezident İlham Əliyev sentyabrda Bərdəyə səfəri zamanı yerli müəssisələrin işi ilə tanış olmuş, onların fəaliyyətinin genişləndirilməsi barədə tövsiyələrini vermişdir. Hazırda həmin müəssisələrdə yeni istehsal sahələri yaradılır. Yaxın günlərdə “Bərdə-Plastmas” ATSC öz fəaliyyətini bərpa edəcəkdir.
Rayonda kənd təsərrüfatı məhsulları, çörək və un məmulatları, mineral süfrə suları, üzlük bəzək plitələri istehsal edən sexlər, Bəjiravan kəndində süd emalı sexi, heyvandarlıq kompleksi, müxtəlif təmir sexləri, 100-dən çox ticarət və ictimai iaşə obyekti istifadəyə verilmişdir.