“Professor Rövşən Mustafayev” adına medal və sertifikat təqdim olunub
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda professor Rövşən Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş medal və sertifikatın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə 2020-ci ildə “Professor Rövşən Mustafayev” adına medal və sertifikatın Malmö Universitetinin baş müəllimi, İsveçin Lund Universitetinin və Raul Valenberq İnstitutunun tədqiqatçısı, hüquq elmləri doktoru Kamal Makili-Əliyevə təqdim olunduğunu qeyd edib. O, Kamal Makili-Əliyevin həyatı və fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Diqqətə çatdırıb ki, Kamal Makili-Əliyev Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həll etmək baxımından müqayisəli, çoxtərəfli təhlil apararaq problemin həlli üçün beynəlxalq hüquq nöqteyi-nəzərindən konkret təkliflər irəli sürüb.
Aytən Mustafazadə bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətlə qiymətləndirilməsinə töhfə verə biləcək alimlərə, tədqiqatçılara ehtiyac var.
“Belə tədqiqatçılardan biri də Kamal Makili-Əliyevdir. İnanıram ki, o gələcək fəaliyyətində də Azərbaycanın hüquqlarının beynəlxalq müstəvidə qorunmasına üstünlük verəcək”, - deyə professor Aytən Mustafazadə qeyd edib.
Kamal Makili-Əliyev “Mübahisəli ərazilər və beynəlxalq hüquq: Dağlıq Qarabağla Aland adalarının müqayisəli təhlili” tədqiqat əsəri haqqında slaydla məlumat verib. Bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinə dair beynəlxalq hüquq xüsusilə Qərb nəşrləri bu günə qədər kifayət qədər öyrənilməyib. O qeyd edib ki, müəllifi olduğu əsərdə beynəlxalq hüquq nöqteyi-nəzərindən Aland modeli ilə Ermənistan-Azərbaycan münaqişəsinin müqayisəli təhlili aparılır. Kamal Makili-Əliyev diqqətə çatdırıb ki, Aland modelini Dağlıq Qarabağ münaqişəsinə tam olaraq tətbiq etmək mümkün deyil, lakin onun müəyyən vacib elementlərini bu münaqişənin həllinə tətbiq etmək olar. Vurğulayıb ki, əsərdə Aland modelindən çıxış edilərək muxtariyyət, özünüidarəetmə, azlıqların hüquqları və digər məsələlər nəzərdən keçirilir.
Kamal Makili-Əliyev Hüquq və İnsan Haqları İnstitutunun fəxri professoru adına da layiq görülüb.
Xatırladaq ki, “Professor Rövşən Mustafayev” adına medal və sertifikat ildə bir dəfə olmaqla erməni məsələsi üzrə elmi tədqiqatlar aparılmasında və təkzibolunmaz elmi faktların tapılmasında aktiv, səmərəli fəaliyyəti ilə seçilən alimlərə və tədqiqatçılara verilir.