PROKURORLUĞA İŞƏ QƏBULLA BAĞLI TEST İMTAHANI AŞKARLIQ ŞƏRAİTİNDƏ KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin rəisi, müsabiqə komissiyasının sədr müavini, 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri Bəhruz Mahmudov ümummilli liderimiz Heydər Əliyevin ölkəmizi həmişə dünyanın ən inkişaf etmiş, hüquqi-demokratik dövlətlərindən biri kimi görmək arzusunun artıq reallığa çevrildiyini, onun ideyalarının həyata keçirilməsi üçün Prezident İlham Əliyevin göstərdiyi səyləri konkret faktlarla diqqətə çatdırmışdır. Dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Baş Prokurorluq tərəfindən prokurorluğa işə qəbulla bağlı 80 ştat vahidi üzrə müsabiqə elan olunmuşdur. İmtahanda iştirak üçün 545 namizədin sənədləri qəbul edilmişdir.
B.Mahmudov 2002-ci ildən indiyədək prokurorluq orqanlarında işə qəbulla bağlı şəffaf, bərabər, obyektiv şəraitdə 4 test imtahanının keçirildiyini və müsabiqədən keçmiş 150 hüquqşünasın bu orqanlarda işə qəbul edildiyini diqqətə çatdırdı. Natiq Baş prokuror Zakir Qaralovun adından namizədlərə bu çətin və şərəfli bilik sınağında uğurlar arzuladı.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini Namiq Babayev bildirdi ki, test imtahanında müəyyən səbəblərdən cəmi 16 nəfər iştirak etmir.
Sonra imtahan qaydaları barədə məlumat verildi, namizədlərə sual kitabçalarına daxil edilmiş 100 suala cavab vermək üçün 3 saat vaxt ayrıldı.
Aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq standartlara uyğun keçirilən imtahan Milli Məclis, Dövlət Qulluğunu İdarəetmə Şurası, Məhkəmə-Hüquq Şurası, Avropa Şurası, ATƏT, BMT-nin Azərbaycandakı nümayəndəliyi, ABŞ-ın ölkəmizdəki səfirliyi, Amerika Hüquqşünaslar Assosiasiyası, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti, Açıq Cəmiyyət İnstitutu (Soros fondu), “Transperensi Azərbaycan” beynəlxalq qeyri-hökumət təşkilatı, Milli-Qeyri Hökumət Təşkilatları Forumu, Gənc Hüquqşünaslar Birliyi və digər təşkilatların nümayəndələri tərəfindən müşahidə edilirdi. Kütləvi informasiya vasitələrinə imtahanın bütün mərhələlərini izləmək üçün lazımi şərait yaradılmışdı.
Saat 13.00-da başa çatan imtahanın nəticələri xüsusi kompyuter vasitəsilə imtahan keçirilən sarayda yoxlanılaraq elektron ekran vasitəsilə dərhal namizədlərə və müşahidəçilərə elan edildi.
Test imtahanının nəticələrinə görə 60 və daha artıq bal toplamış 303 namizəd müsabiqənin növbəti mərhələsinə vəsiqə qazandı. Məlumat verildi ki, imtahandan keçənlər, onların topladıqları ballar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası Baş Prokurorluğunun internet saytlarında (www.tqdk.gov.az; www.genprosecutor.gov.az) yerləşdirilmişdir.
Komissiydan verilən məlumata görə, imtahanın gedişində heç bir pozuntu qeydə alınmamış, imtahan prosesi müşahidəçilərin yazılı və şifahi rəylərinə görə şəffaf prosedur kimi yüksək dəyərləndirilmişdir.