PROKURORLUĞA İŞƏ QƏBULLA BAĞLI YAZILI İMTAHANDA 188 NAMİZƏD İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 26-da Azərbaycan Texniki Universitetinin idman sarayında prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün yazılı imtahan keçirilmişdir.
Prokurorluq orqanlarında 150 ştat vahidi üzrə elan olunmuş müsabiqənin mayın 31-də keçirilmiş birinci mərhələsi olan test imtahanının nəticələrinə görə ikinci mərhələyə adlamış 192 namizəddən 188-i yazılı imtahanda iştirak etmişdir.
Baş prokurorun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov bildirmişdir ki, 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına işə qəbul yalnız test imtahanı vasitəsilə həyata keçirilir. Bu günədək prokurorluğa işə qəbulla bağlı 6 müsabiqə elan edilmişdir. Həmin müsabiqələrin nəticələri üzrə 214 nəfər gənc hüquqşünas işə qəbul olunmuşdur. Bunlar prokurorluğun ştat vahidinin 18 faizini təşkil edir. Bugünkü imtahan 150 vakant yer üçün keçirilir və onlar tutulandan sonra prokurorluqda işləyənlərin 30 faizini, başqa sözlə, təqribən hər 3 nəfərdən birini test imtahanlarından keçmiş şəxslər təşkil edəcəkdir.
Namiq Əsgərov vurğulamışdır ki, yazılı imtahanda suallardan biri cinayət hüququna, digəri isə cinayət prosesinə aiddir. Namizədlərə təqdim edilmiş iki sualın cavablandırılmasına 4 saat vaxt ayrılmışdır. Yazılı imtahanın keçirilməsinin məqsədi namizədin qanunların və digər normativ hüquqi aktların tətbiq edilmə bacarığını nümayiş etdirməsi, qanunların izahını vermək və onların konsepsiyasını izah etmək bacarığını yoxlamaqdır. İmtahanın nəticələrinin yoxlanılması, qaydalara uyğun olaraq, ikiqat yoxlama üsulu ilə həyata keçiriləcəkdr. Cavab kartlarını prokurorluğun müsabiqə komissiyasının üzvləri ilə yanaşı, dəvət olunmuş hüquqşünas da yoxlayacaqdır. Cavabların nəticələrindən narazı qalan namizəd 5 gün ərzində müsabiqə komissiyasına müraciət edə bilər.
Namiq Əsgərov bildirmişdir ki, həm Avropa ekspertlərinin tövsiyələri, həm də qəbul qaydalarına dəyişiklik zərurəti nəzərə alınaraq, 2007-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə prokurorluğa işə qəbul 3 mərhələdən ibarət olmuşdur. Yazılı imtahan 50 balla qiymətləndirilir və 30 bal toplamış namizəd növbəti mərhələyə keçir. Şifahi söhbət mərhələsində isə 40 bal toplamaq mümkündür. Bunun 20-ni toplamış namizəd prokurorluğa işə qəbul ediləcəkdir.
Aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq standartlara uyğun keçirilən imtahanın gedişini dövlət və hökumət qurumlarının, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə etmişlər.
Namizədlərin cavab kartları yoxlanıldıqdan sonra yazılı imtahanın nəticələri, eləcə də müsabiqənin sonuncu mərhələsi olan söhbətin keçiriləcəyi yer və vaxt barədə mətbuatda və Baş Prokurorluğun veb-saytında (www.genprosecutor.gov.az) əlavə məlumat veriləcəkdir.