Prokurorluğun qulluqda olmanın son yaş həddinə çatmış iki əməkdaşı mükafatlandırılıb
Bakı, 28 noyabr, AZƏRTAC
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Zeynalov Rauf Nurəddin oğlu və Dövlət ittihamının müdafiəsi idarəsində şöbənin böyük prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunu qulluq keçmələrinə xitam verilmələri ilə əlaqədar Baş prokuror Kamran Əliyev noyabrın 28-də Baş Prokurorluğun inzibati binasında qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Rauf Zeynalov “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, Müstəcəb Əliyev isə “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edilib və onlara hədiyyələr təqdim olunub.
Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb, səmimi söhbətlər ediblər.