Prostat xərçənginin diaqnostikasında yeni mərhələ: MR-Fusion Prostat Biopsiyası
Ölkəmizdə ilk dəfə tətbiq olunan texnologiyaya həsr edilmiş elmi simpozium keçirilib
Bakı, 16 iyun, AZƏRTAC
Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsinin (HTBİ) Elmi Təcrübə Mərkəzində “Prostat Xərçənginin Diaqnostikasında MR-Fusion Prostat Biopsiyası” texnologiyasının tətbiqinin müasir aspektlərinə həsr olunmuş elmi simpozium keçirilib.
Toplantı Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi ilə Azərbaycan Tibb Universiteti arasında imzalanmış memorandum əsasında təşkil olunub.
Simpoziuma DTX HTBİ Elmi Təcrübə Mərkəzinin rəisi, Azərbaycan Respublikası Urologiya, Nefrologiya və Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan və Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, Radiologiya kafedrasının müdiri, professor, tibb elmləri doktoru Məlahət Sultan həmsədrlik edib.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, simpoziumda ölkəmizdə ilk dəfə məhz DTX HTBİ-də tətbiq olunan MR-Fusion texnologiyasının prostat xəstəliklərinin diaqnostikasındakı rolundan bəhs olunub. Çıxışlarda metodun klinik təcrübəyə gətirdiyi üstünlüklər, ilk nəticələr və gələcək inkişaf istiqamətləri müzakirə edilib.
Tədbirdə tibb elmləri doktoru Rəşad Şolanın, professor Səbinə Şadlinskayanın, dosent Mətanət Pənahovanın, tibb üzrə fəlsəfə doktorları İldırım Babayevin, Mahmud Bağırzadənin və Seymur Kərimovun məruzələri maraqla qarşılanıb.
Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri professor Rauf Nağıyev, professor İlham Əhmədov, professor Akif Bağırov, dosent Elçin Əfəndiyev və Milli Onkologiya Mərkəzinin direktor müavini, tibb elmləri doktoru Fuad Quliyev məruzələr ətrafında diskussiyalar aparıblar.
Simpozium ölkəmizdə prostat xərçənginin diaqnostikasında müasir texnologiyaların tətbiqi və mütəxəssislər arasında təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyıb. Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi ilə Azərbaycan Tibb Universiteti arasındakı elmi əməkdaşlığın bu istiqamətdə davam etdirilməsi nəzərdə tutulur.