“PTV News” televiziya kanalında Azərbaycan-Pakistan əlaqələrindən danışılıb
İslamabad, 5 sentyabr, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə “PTV News” dövlət televiziya kanalının “Personality of the Week” proqramına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, səfir Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin ötən 25 il ərzində uğurla inkişaf etdiyini, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib, həyata keçirilmiş səmərəli layihələr haqqında söhbət açıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, təxribatları haqqında məlumat verən səfir işğal nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma yurdlarından qaçqın və didərgin düşdüyünü diqqətə çatdırıb. Pakistanın Azərbaycanın ədalətli mövqeyinin daim dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirən Ə.Əlizadə Dağlıq Qarabağ münaqişəsi və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin zəruriliyini vurğulayıb.
Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyəti haqqında danışan səfir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fondun prezidenti kimi Pakistana xüsusi diqqət göstərdiyini, onun təşəbbüsü və dəstəyi ilə müxtəlif tipli humanitar və sosialyönümlü layihələrin həyata keçirildiyini, bu layihələrin hər iki xalqın daha da yaxınlaşmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələrə dair sualı cavablandıran səfir Ə.Əlizadə təşkilata ötən beş ildəki sədrliyi dövründə üzv dövlətlər arasında iqtisadi, ticari, elmi, mədəni, humanitar və bütün sahələrdə əlaqələrin möhkəmlənməsinə Azərbaycanın böyük səy göstərdiyini, bu ildən sədrliyin Pakistana keçdiyini və bu müddətdə də üzv dövlətlər arasında regional əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin, ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulayan səfir turizm sahəsində əlaqələrdə nəzərə çarpacaq dərəcədə artımın müşahidə olunduğunu, Azərbaycan Prezidentinin Sərəncamı ilə Pakistan vətəndaşlarının da bu ilin yanvar ayından başlayaraq “Asan Viza” sisteminin imkanlarından yararlandığını və son səkkiz ay ərzində Azərbaycana səfər edən Pakistan vətəndaşlarının da sayının bir neçə dəfə artdığını vurğulayıb.
Səfir, həmçinin aparıcının Azərbaycanın mədəniyyəti, coğrafi mövqeyi, ölkəmizdə Qurban bayramı adət-ənənələri, İslam dəyərlərinə verilən önəm və s. suallarını cavablandırıb. O, Qurban bayramı münasibətilə Pakistan xalqına təbriklərini və xoş arzularını çatdırıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad