“Python proqramlaşdırma dili və onun astronomiyada tətbiqi” - astroseminar
Bakı, 19 yanvar, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, seminarda Kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin əməkdaşı Xalid Cəfərovun “Python proqramlaşdırma dili və onun astronomiyada tətbiqi” mövzusunda məruzəsi dinlənilib.
X.Cəfərov Python proqramlaşdırma dilinə giriş, onun kitabxanalarından istifadə qaydaları, astronomiyada tətbiqindən danışıb. O, astronomik müşahidələri analiz etmək və alınmış materialları emal etmək üçün Python proqramlaşdırma dilindən istifadəni şərh edib. Eyni zamanda, əldə olunmuş materiallardan istifadə edilməklə Matpilot kimi kitabxanalarla qrafiklər yaradılması və astronomik materialların vizuallaşdırılması izah edilib.
Sonra iştirakçıların sualları cavablandırılıb.