QAÇAQMALÇILIQLA MÜBARİZƏ UĞURLA DAVAM EDİR
Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Gürcüstanla dövlət sərhədində Azərbaycandan bu ölkəyə 8 min ABŞ dolları dəyərində 150 ədəd brilyantın və 1031 ədəd qara rəngli aleksandrit qaşın, 3085 litr dizel yanacağınin, 500 kiloqram nərə balığının qanunsuz keçirilməsinin qarşısı alınmışdır. Eyni zamanda, respublikamıza Gürcüstandan gizli yolla 14330 qutu müxtəlif siqaret, 98 litr spirt, 200 kiloqram hisə verilmiş balıq, 180 baş xırda buynuzlu heyvan və 17 litr müxtəlif içkilərin keçirilməsinə yol verilməmişdir.
Sərhədçilərimiz Rusiyadan Azərbaycana qeyri-qanuni keçirilən 11.500 qutu müxtəlif markalı siqaret, 114 kiloqramdan çox balıq kürüsü, 101 kiloqramdan artıq “Sokol” markalı barıt, balıq tutmaq üçün 18 ədəd tor, 992 qutu dərman preparatı aşkar etmişlər. Bununla yanaşı, İran İslam Respublikası ilə dövlət sərhədində Azərbaycandan İrana 5.300 ədəd üzqırxan dəzgah, qadın üçün 474 ədəd üz kremi, 190 litr spirtli içki (viski), 27 ədəd peyk qəbuledicisi, 228 ədəd cıns şalvar, 76 ədəd optik durbin, 6.950 ABŞ dolları və 10 min İran rialı məbləğlərində nağd pul götürülmüşdür. İrandan ölkəmizə 13.608 ədəd köynəyin, 14 qutu müxtəlif dərman preparatı və 220 qutu siqaretin keçirilməsinə imkan verilməmişdir.
Göstərilən dövr ərzində dövlət sərhədini pozduğuna görə 38 nəfər sərhəd pozucusu qismində, 195 nəfər isə sərhəd rejim qaydalarına riayət etmədiyinə görə saxlanılmış və barələrində müvafiq tədbirlər görülmüşdür.