“QADIN ƏLEYHİNƏ ZORAKILIĞIN DAYANDIRILMASI” LAYİHƏSİNİN YEKUN KONFRANSI KEÇİRİLMİŞDİR
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova müstəqil Azərbaycanda son 10 ildə qadın məsələlərinin həllinə xüsusi diqqət yetirildiyini, ümummilli lider Heydər Əliyev və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dövlət qadın siyasətinin daim diqqət mərkəzində saxlandığını vurğulamışdır. Natiq 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasını, onun bazasında isə cari ildə AQUPDK-nın təşkil olunmasını bu diqqətin bariz nümunəsi olduğunu qeyd etmişdir.
Bildirilmişdir ki, bu gün yekun vurulan layihədən əsas məqsəd qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində yerlərdə aparılan işlərin gücləndirilməsi, qadınlara qarşı zorakılığa son qoymaq məqsədi ilə milli və beynəlxalq sazişlər arasında aydın bağlılıq yaradılması və sairədir. Layihə çərçivəsində Qəbələ, İsmayıllı, Bərdə rayonları və Gəncə şəhərində əhali arasında gender mövzusunda seminarların keçirildiyi, maarifləndirici vəsaitlərin nəşr edilib əhaliyə təqdim olunduğu diqqətə çatdırılmışdır.
Konfransda UNFPA-nın nümayəndəsi Nigina Abbaszadənin “Qadın əleyhinə zorakılıq insan hüquqlarının pozulmasıdır”, respublika Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanovanın “Qadın hüquqları sahəsində Azərbaycan qanunvericiliyi”, ədliyyə nazirinin müavini Nazim Ələkbərovun “Məhkum qadınların hüquqi vəziyyəti”, Milli Məclisin deputatı Gülər Əhmədovanın “Beynəlxalq standartlarda qadın hüquqları”, Nəsimi Rayon Məhkəməsinin sədri Ələddin Cəfərovun “Qadınlara qarşı zorakılıqla bağlı işlərə dair məhkəmə təcrübəsi”, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovanın “Qadınların sosial müdafiəsinin aspektləri” mövzularda məruzələri dinlənilmişdir.
Çıxışlarda tədbirin əhəmiyyətindən, ölkəmizdə həyata keçirilən qadın siyasətindən, bu sahədəki nailiyyətlərdən və qarşıda duran problemlərdən danışılmışdır. Bildirilmişdir ki, Azərbaycanda artıq gender bərabərliyi üçün siyasi iradə nümayiş etdirilmiş, beynəlxalq tələblərə uyğun müəyyən tədbirlər görülmüşdür.
Tədbirdə mövzu ilə bağlı müzakirələr və geniş fikir mübadiləsi aparılmış, təkliflər irəli sürülmüşdür.