Qadın güləşçilərimiz “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinə hazırlaşırlar
Bakı, 16 noyabr (AZƏRTAC). Xəbər verildiyi kimi, noyabrın 22-24-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan güləş yığmaları sayca 6-cı dəfə təşkil olunacaq turnirə ciddi hazırlaşırlar.
Qadın güləşçilərimiz baş məşqçi Yaqub Məmmədov, böyük məşqçi Konstantin Konorev, məşqçilər Aslan Ağayev və Mehman Nəcəfovun rəhbərliyi altında yarış öncəsi son təlim-məşq toplanışını Olimpiya Güləş Mərkəzində davam etdirirlər.
Yarış ərəfəsində Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Beynəlxalq Güləş Federasiyasının (FİLA) İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev qadın güləşi üzrə yığma komandanın heyəti və məşqçilər korpusu ilə görüşmüşdür. Mütəmadi olaraq keçirilən bu görüşlərdə hazırlıq prosesinin gedişi, idmançıların vəziyyəti ilə maraqlanan federasiya rəsmisi idmançıların sağlamlıqlarına da ciddi diqqət yetirmələrinin vacibliyini bildirmişdir.
Baş məşqçi Yaqub Məmmədov komandanın əsas üzvlərindən bəzilərinin üzrlü səbəbdən məşqlərə qatılmadıqlarını, ancaq buna rəğmən digər güləşçilərin ciddi hazırlıq prosesi keçdiyini bildirmişdir. Qeyd etmişdir ki, aparıcı idmançılarımızın yoxluğunda ehtiyat qüvvəmizi sınaqdan keçirəcəyik. Bir neçə gün bundan əvvəl Moskvada keçirilən Avropa Kuboku yarışlarında da əsas heyətdən 3 idmançı iştirak etmişdi. Digərləri isə gənc güləşçilər idi. Hesab edirəm ki, bu yarışlarda iştirak onların təcrübələrini artırmaq baxımdan da əhəmiyyətlidir. Bununla yanaşı, bəzi güləşçilərimizə, xüsusən, Yuliya Ratkeviç, İrina Netreba, Gözəl Zutova, Natalya Palamarçuka ümidlərimiz böyükdür.
Qeyd edək ki, “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində qadın güləşçilər noyabrın 23-də çıxış edəcəklər.