REGİONLAR
“Qadınlar” Yevlax şəhər Xalq teatrının səhnəsində
Yevlax, 24 aprel, AZƏRTAC
Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq teatrının səhnəsində yazıçı-dramaturq Pərvinin “Qadınlar” komediyası tamaşaçılara təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsərə Yevlax şəhər Xalq teatrının rəhbəri, Əməkdar mədəniyyət işçisi Zöhrə Adgözəlova və Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev quruluş veriblər. İki pərdəli səhnə əsərində Fəridə Həsənova, Elnurə Babayeva, Kəmalə Qurbanova, Aynur Mustafayeva, Teymur Mustafayev və Türkan Əliyeva rol alıblar.
Tamaşaya baxışdan sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev aktyorların obrazları peşəkarlıqla canlandırdıqlarını bildirərək, yaradıcı heyətin əməyini yüksək qiymətləndirib.
Xalq teatrının rəhbəri Zöhrə Adgözəlova tamaşaya gələnlərə teatr kollektivi adından təşəkkürünü bildirib.
Qeyd edək ki, Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq teatrı 1966-cı ildən dram özfəaliyyət kollektivi kimi fəaliyyət göstərib, 1977-ci ildən isə Xalq teatrı adını alıb.