DÜNYA
QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN NÜMAYƏNDƏ HEYƏTİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞDİR
36 ölkə nümayəndələrinin toplaşdığı konfrans “Dünyada dinlərarası dialoq” probleminə həsr olunmuşdu. Liviyaya qarşı tətbiq olunmuş BMT sanksiyaları aradan götürüldükdən sonra Tripoliyə ilk dəfə səfər edən nümayəndələrimiz şeyxülislam hacı Allahşükür Paşazadənin təbrikini konfrans iştirakçılarına yetirmiş, Azərbaycan həqiqətlərindən danışmışlar.
Azərbaycan nümayəndələri ölkəmizdə tarixən mövcud olan dini dözümlülük haqqında məruzə etmiş, dövlətimizin dini etiqad azadlığı sahəsində bütün dünyaya örnək ola biləcək siyasətindən söz açmışlar. Onlar Azərbaycanda sabitliyin bərqərar edilməsi və iqtisadi tərəqqi istiqamətində görülmüş işlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və onun dincliklə, danışıqlar yolu ilə aradan qaldırılmasında ölkəmizin ədalətli mövqeyi barədə də ətraflı məlumat vermişlər.